Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci il üçün xərclərini azaldıb.
“APA-Economics”in məlumatına görə, ARDNF xərclərini büdcə zərfində nəzərdə tutulan məbləğə nisbətən 491 mln. manat azaldaraq 11,814 mlrd. manat səviyyəsində təsdiqləməyə hazırlaşır.
Belə ki, 2015-ci ilin büdcə zərfində fondun gəlirləri 10,246 mlrd. manat, xərcləri 12,305 mlrd. manat göstərilib. Bu zaman fondun büdcə kəsiri 2,1 mlrd. manat səviyyəsində proqnozlaşdırılıb.
Xərclərin azalması fondun kəsirinin də 1,6 mlrd. manata enməsinə səbəb olub. Xərclərin 88%-nin, yəni 10,388 mlrd. manatın büdcəyə transfer ediləcəyi məlumdur. Bundan başqa, xərclərin 33,3 mln. manatı fondun idarə edilməsinə sərf olunacaq. Yerdə qalan 1,393 mlrd. manat isə fondun öz layihələri üçün nəzərdə tutulur.
ARDNF-in xərclərinin nəyin hesabına azaldılması fondun büdcəsinin təsdiqindən sonra məlum olacaq.
Qeyd edək ki, ARDNF-in Müşahidə Şurasının iclasında fondun 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərə dair icraçı direktor tərəfindən təqdim edilən məlumatlara baxılıb. ARDNF-in 2015-ci il büdcəsinin gəlirlərinin 10 mlrd. 246 mln. 611,9 min manat, xərclərinin 11 mlrd. 813 mln. 909,2 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 33,318 mln. manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.