Bank Of Baku

Asiya İnkişaf Bankının prezidenti noyabrda Azərbaycana səfər edəcək

Asiya İnkişaf Bankının prezidenti noyabrda Azərbaycana səfər edəcək
# 11 sentyabr 2014 15:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Baş katibi Vookong Umun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə AİB-nin Rəhbərlər Şurasının 2015-ci ilin 2-5 may tarixlərində Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısına hazırlığın gedişi müzakirə olunub.

 

S. Şərifov bildirib ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə AİB-nın Rəhbərlər Şurasının İllik Toplantısı ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

 

O, hazırlıq prosesinin yüksək səviyyədə, plana uyğun getdiyini və hər hansı gecikmələrin olmayacağını deyib. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayıb.

 

İllik Toplantıya hazırlığı yüksək qiymətləndirən AİB-nin Baş katibi Azərbaycanın uğurlu iqtisadi inkişafa nail olduğunu söyləyib və Bankın Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-cı İllik toplantısının uğurlu olacağına əminliyini ifadə edib.

 

Bildirilib ki, İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 4 mindən çox qonağın iştirakı gözlənilir.

 

Görüşdə həmçinin, İllik Toplantı ilə bağlı ev sahibi ölkənin öhdəlikləri, texniki tapşırıqlar, həmçinin AİB-nın prezidenti Takehiko Nakaonun noyabr ayında Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi də aparılıb.

 

AİB nümayəndə heyətinin bir həftə davam edəcək səfəri zamanı Təşkilat Komitəsinə daxil olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək və İllik Toplantıya hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.

 

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR