Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə 6,7 mlrd. manat vəsait daxil olub, büdcədən 6,2 mlrd. manat vəsait xərclənib və nəticədə 410,4 mln. manat məbləğində və ya ÜDM-in 2,4%-i qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcə xərclərinin 2,8 mlrd. manatı və ya 45,6%-i iqtisadiyyatın inkişafına, 629,5 mln. manatı (10,1%-i) sosial müdafiə və sosial təminata, 493,6 mln. manatı (7,9%-i) təhsilə və səhiyyəyə yönəldilib. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 17,6%-i və ya 1,1 mlrd. manatı sərf olunub.
Hesabat dövründə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə büdcə daxilolmalarının həcmi 24,1%, xərcləri 59% artıb, profisit isə 3,6 dəfə azalıb.