Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə 4 669,4 mln. manat daxil olub, büdcədən müxtəlif sosial və iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 4 514,8 mln. manat xərclənib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcə gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,9% və ya 1 181,6 mln. manat, xərcləri 58,8% və ya 1 671,6 mln. manat artıb. Büdcənin profisiti ÜDM-in 1,2%-i səviyyəsində olub.
Hesabat dövründə büdcə gəlirlərinin 11,8%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 12,7%-i əlavə dəyər vergisindən, 4,1%-i fiziki şəxslərin gəlir vergisindən, 2,9%-i aksizlərdən, 3,1%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,2%-i digər vergilərdən daxil olub, 63,2%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 2 148,2 mln. manatı (47,6%-i) iqtisadiyyatın inkişaf etdirilməsinə, 511,1 mln. manatı (11,3%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 346 mln. manatı (7,7%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənib.