Bank Of Baku

Azərbaycan sığorta bazarı son bir ildə 20% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 20% artıb
# 14 may 2013 07:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 138,712 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 19,8% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 44,2% artaraq 38,211 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığortalar üzrə daxilolmaların həcmi 18,9% artaraq 91,213 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,5 dəfə artaraq 14,221 mln. manat, qeyri-həyat sığortası üzrə 8,3% artaraq 76,992 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 21,5% artaraq 47,499 mln. manat olub.
 

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (34,379 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (20,130 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (16,011 mln. manat), «Həyatın yaşam sığortası» (12,751 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (12,458 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (8,330 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (7,166 mln. manat) növləri üzrə toplanılıb.

 

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 818,161 min manata bərabər olub ki, bu da illik müqayisədə 3,6 dəfə çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 13,9% artaraq 26,284 mln. manata çatıb. Ümumilikdə, könüllü sığortalar üzrə ödənişlər 16,3% artaraq 27,102 mln. manat, icbari sığorta növləri üzrə isə 3,6 dəfə artaraq 11,109 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (13,933 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (8,274 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (7,363 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR