Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanla Argentina arasında vergi sahəsində əməkdaşlıq məsələləri vergilər naziri Fazil Məmmədov və Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivanın görüşündə müzakirə edilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə F.Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkədə reallaşdırılan vergi islahatları, informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, elektron hökumət quruculuğu və elektron hökumətdən mobil hökumətə keçidlə bağlı Vergilər Nazirliyi tərəfindən görülən işlər barədə danışıb.
Nazir Azərbaycanla Argentina arasında həm dövlətlərarası, həm də vergi orqanları arasında əlaqələrin inkişaf etdiyini, o cümlədən ötən ilin sonunda iki ölkə arasında vergi məlumatlarının mübadiləsi üzrə saziş imzalandığını bildirib.
F.Məmmədov iki ölkənin vergi orqanları arasında praktiki əməkdaşlığın, o cümlədən təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini deyən Argentina səfiri Azərbaycanla bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları və neft sənayesi sahələrində əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Azərbaycan Vergilər Nazirliyinin nümayəndə heyətinin Argentinaya səfərinin əməkdaşlıq baxımından çox faydalı olacağını qeyd edən səfir bu istiqamətdə lazımi təşkilati işləri öz üzərinə götürməyə hazır olduğunu bildirib.