Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan milli iqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün ölkədə istehsal olunan ÜDM-in 80%-i qeyri-neft sektoru hesabına formalaşmalıdır. «APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib: «Azərbaycan neft və qazla zəngindir. Buna baxmayaraq, hazırda ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun inkişafına iqtisadi diversifikasiya ilə nail olmaq mümkündür. Bunun üçün ölkədə istehsal olunan ÜDM-in 80%-i qeyri-neft sektorunun payına düşməlidir».
Nazir müavini qeyd edib ki, Azərbaycan son illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına nail olub və bu istiqamətdə tədbirləri davam etdirir.
S.Həsənova onu da bildirib ki, Azərbaycan kiçik ölkə olduğundan digər ölkələrlə əlaqələr qurur və ixracyönümlü məhsulların istehsalını artırmaqda davam etdirir. Ötən 10 il ərzində ölkədə ixracyönümlü məhsulların istehsalı 23% artıb və növbəti illərdə daha 20% artım gözlənilir.