Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Forex4you» şirkətinə aktivlərin idarə edilməsi fəaliyyətinin dayandırılması barəsində göstəriş verilib.
QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində «Forex4you» şirkətinin Bakı şəhəri, Qoqol küçəsi,11 ünvanında yerləşən nümayəndəliyi tərəfindən müvafiq icazə alınmadan aktivlərin idarə edilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunub və həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib.
QKDK «Forex4you» şirkəti tərəfindən həyata keçirilən aktivlərin idarə edilməsi fəaliyyətinin qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu şirkətlə bağlı əməliyyatlarda diqqətli olmağa dəvət edir.