Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il aprelin 1-nə 11 012,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 216,2 mln. manat və ya 12,4%, o cümlədən, bu ilin əvvəlindən 313,5 mln. manat və ya 2,9% artıb.
Depozitlərin tərkibində 5 536,0 mln. manat və ya 50,3% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci ilin aprelin 1-nə nisbətən 1 237,1 mln. manat və ya 28,8%, o cümlədən, bu ilin əvvəlindən 422,6 mln. manat və ya 8,3% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi aprelin 1-nə 5 476,8 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 20,7 mln. manat və ya 0,4%, ilin əvvəlindən isə 109,1 mlın. manat və ya 2,0% azalıb.
Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 605,4 mln. manat və ya 47,6% maliyyə təşkilatlarının depozitləri, 2 871,4 mln. manat və ya 52,4% isə qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşüb.