Nəticədə, eyni əmlak ayrı-ayrı şirkətlər tərəfindən qiymətləndiriləndə tamamilə fərqli qiymətlər müəyyənləşdirilir ki, bu da qiymətləndirici şirkətlərlə işləyən banklar üçün problemlər yaradır. «APA-Economics»in məlumatına görə, bunu «YapıKredi Bank Azerbaijan»ın İdarə Heyətinin üzvü Şəhla Səmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda istifadə olunan qiymətləndirmə standartları beynəlxalq normalardan geri qalır: «Azərbaycanda qiymətləndirici şirkətlər ilkin dəyər, likvid dəyər, bazar dəyəri, sığorta-bərpa dəyəri kimi metodlardan istifadə edir. Lakin bu rəylərdə beynəlxalq standartlarda qəbul olunan investisiya dəyəri və kadastr dəyəri ilə bağlı göstəricilər yer almır».
Ş.Səmədova bildirib ki, bu gün qiymətləndirici şirkətlərin əksəriyyəti yalnız xərc üsulundan istifadə edir, müqayisə üsulundan isə az istifadə olunur.
Bank nümayəndəsinin sözlərinə görə, yaranmış vəziyyət nəticəsində eyni əmlak ayrı-ayrı şirkətlər tərəfindən qiymətləndirilərkən tamamilə fərqli qiymətlər qoyulur: «Biz praktikada belə hallarla rastlaşırıq və bəzən bu qiymətlər bir-birindən kəskin fərqlənir. Məsələn, elə hallar olur ki, ayrı-ayrı şirkətlərin eyni əmlakın qiymətləndirməsi zamanı qiymət fərqi 600-700 min manata, hətta 1 mln. manata çatır. Bunun səbəbi qiymətləndirmə şirkətləri tərəfindən qəbul olunmuş standart metodlardan az istifadə etməsi, ümumiyyətlə qiymətləndiricilər arasında peşəkarların azlığı ilə bağlıdır».
Ş.Məmmədova xatırladıb ki, ölkədə qiymətləndirmə standartları ilə bağlı Nazirlər Kabinetinin 2000-ci ildə qəbul edilmiş qərarında 4 dəyərləndirmə metodu əksini tapsa da, praktikada bu metodlardan istifadə edilmir: «Bəzi şirkətlər isə qiymətləndirmə standartlarından ümumiyyətlə xəbərsizdir».
Bank nümayəndəsi bildirib ki, belə hallara hətta Azərbaycan İpoteka Fondu ilə işləmək üçün ilkin seçilən 13 qiymətləndirmə şirkətlərinin işində də rast gəlinir: «Onların arasında elə şirkət var ki, onun son hesabatını oxuyanda ilk səhifədə bir məlumat yazılır, sonrakı səhifələrdə isə başqa bir qiymətləndiricinin məlumatlarının olduğu aşkar edilir. Bu, həm qiymətləndirici sirrinin açılması, həm də bu qiymətləndiricilərin öz peşəkarlığına necə məsuliyyətsiz yanaşmasının göstəricisidir. Biz fəaliyyətimizdə belə hallarla rastlaşmışıq və hətta bu mövzuda bəzi qiymətləndirici şirkətlərə yazılı iradlarımızı da bildirmişik».
Ş.Səmədova qeyd edib ki, oxşar problemlər sığorta şirkətlərində də var: «Bəzən hadisə olarkən sığorta şirkətləri zərəri qiymətləndirəndə məlum olur ki, mütəxəssislər zərərin hansı metodla qiymətləndirilməsi və s. ilə bağlı məlumatsızdırlar».
Bank nümayəndəsi qiymətləndirmə sahəsinə nəzarətin zəif olduğunu, bu sahədə peşəkarlıqla bağlı problemlərin olduğunu, o cümlədən bu sahədə fəaliyyət göstərən mütəxəssislərin çox az hissəsinin sertifikatlaşmadan keçdiyini bildirib: «Çünki biz bu gün qanuna uyğun olaraq sertifikat tələb edəndə cəmi bir neçə şirkətdə belə sertifikat görürük - sertifikatlar yox səviyyəsindədir».
O bildirib ki, qiymətləndirici şirkətlərin məcburi sertifikatlaşdırılmasının vaxtı çatıb: «Qanunvericilikdə qiymətləndirici fəaliyyəti ilə sərbəst məşğul olmaq təsbit edilsə də, bu o demək deyil ki, qeyri-peşəkarlar da bu sahədə fəaliyyət göstərməlidir».
Bank rəsmisi qeyd edib ki, «Qiymətləndirici fəaliyyəti haqqında» qanunda qiymətləndiricilərin məsuliyyəti ilə bağlı məsələlər əksini tapmalıdır. İndiki qanunda belə halın olmaması qiymətləndirici şirkətlərin məsuliyyətinin az olmasına səbəb olur.
Ş.Səmədova yeni qanunun qəbulunun sürətləndirilməsini, qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması və məsuliyyətinin məcburən sığortalanması məsələlərinin sənəddə yer almasını təklif edir.