Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 3 808,53 mln. manat və ya 25,9% artaraq 2013-cü il aprelin 1-nə 18 494,43 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin ilk rübü ərzində aktivlərin həcmi 851,0 mln. manat və ya 4,8% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutub. Belə ki, bu kreditlərin həcmi 11 304,0 mln. manat təşkil edib. Bundan başqa, aktivlərin strukturunda 1 564,7 mln. manat investisiyalar, 1 371,3 mln. manat müxbir hesabları, 815,5 mln. manat nağd vəsaitlər, 753,2 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 2 685,8 mln. manat isə digər aktivlərin payına düşüb.
Passivlərin tərkibində isə 8 242,6 mln. manatı depozitlər, 5 316,6 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 2 267,6 mln. manatı digər öhdəliklər təşkil edib. Passivlərin strukturunda kapitalın həcmi 2 667,7 mln. manata bərabər olub.