Bakı. Musa Əhmədov – APA-Economics. Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin 6 ayın yekunlarını açıqlayıb.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 561 mln. manat təşkil edib. Başqa sözlə, cari ilin 6 ayın yekunlarına görə, fiziki şəxslərin əmanətləri ümumilikdə 884 mln. manat və ya 13,2% artıb. Kompensasiya olunan əmanətlər isə 437 mln. manat və ya 25,9% artaraq 2 122 mln. manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.
Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da 90%-i sığortalan əmanətçilərdir. Bu ilin yanvar-iyun ayının yekunlarına görə sığortalanan əmanətçilərin sayı 6 444 188 (90%) nəfərdir.
Sığortalanan əmanətlərin 69%-i ABŞ dollarının, 27%-i manatın, 4%-i avronun payına düşür.
Cari ilin 6 ayın yekunlarına görə fondun sığorta ehtiyatları 103 mln. manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 mln. manatı dövlət qiymətli kağızlarında yerləşdirilib və illik gəlirlilik orta hesabla 4,2% təşkil edib. Fondun 5 mln. avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil edib.
İyulun 1-nə olan məlumata görə, fondun gəlirləri 12,4 mln. manat olub ki, bunun da 10,6 mln. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 766,5 min manat olub.
2015-ci ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.