Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanın vergi qanunvericiliyinə edilməsi gözlənilən növbəti dəyişikliklər nağdsız hesablaşmaların stimullaşdırılması və nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı təkliflər paketi müvafiq qurumlarda müzakirə olunur: «Bununla bağlı qanun layihələri çox geniş sahibkarlıq təbəqəsini əhatə edəcək və əsasən nağdsız hesablaşmaların stimullaşdırılmasına yönəldilib. Ona görə də, bu təklifləri stimullaşdırıcı təkliflər paketi adlandırmaq olar».
Nazir müavini bildirib ki, bu sənədlərin ilin sonunda müzakirəyə çıxarılacağı, qəbul olunacağı təqdirdə isə gələn ildən tətbiq ediləcəyi gözlənilir.