Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisi Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında «Sosial sığorta haqqında» qanuna dəyişikliklər müzakirə olunub. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.
Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə, məcburi dövlət sosial sığorta haqqı xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri üçün Bakı şəhərində minimum aylıq əmək haqqının 10 mislinin 25%-i məbləğinin 100% miqdarında, digər şəhərlərdə və ya rayonlarda 60% miqdarında müəyyənləşəcək.
H.Rəcəbli izah edərək bildirib ki, bu məbləğ Bakı şəhəri üçün 290 manat, rayonlar üçün 174 manat olacaq. Komitə sədri qeyd edib ki, artıq Azərbaycanda notariat sahəsində aparılan islahatlar nəticəsində ölkədə dövlət notariat kontorları ilə yanaşı özəl notariuslar yaradılıb və bu işi onlar da həyata keçirə bilərlər.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.