Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2012-ci ildə müxtəlif dövlət proqramlarının reallaşdırılması məqsədilə dövlət büdcəsindən 6 mlrd. manatdan artıq vəsait ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə də regionların tarazlı və davamlı inkişafı diqqət mərkəzində qalıb. Bununla əlaqədar, müvafiq dövlət proqramları həyata keçirilir, eyni zamanda ölkə iqtisadiyyatının neft sektorundan asılılığının mərhələlərlə azaldılması, onunla əlaqədar regionlarda müasir tələblərə cavab verən infrastrukturun yaradılması və mövcud infrastrukturun yeniləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib: «Bir sıra dövlət proqramlarının maliyyə təminatı üçün 2012-ci ildə dövlət büdcəsindən 6,052 mlrd. vəsait ayrılıb».
Nazir bildirib ki, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 2012-ci ildə elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1,451 mlrd. manat vəsait sərf edilib.
S.Şərifovun sözlərinə görə, 2012-ci ildə ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3,023 mlrd. manat yönəldilib: «Bu vəsaitlərin böyük hissəsi ölkənin yol-nəqliyyat sektoruna ayrılıb. Bu da mövcud yol şəbəkəsinin yenidən qurulmasına və ya yeni yolların tikintisinə yönəldilib».
Nazir qeyd edib ki, ötən il hava limanlarının (Qəbələdə) tikintisi, Xəzər dəniz Gəmiçiliyinin nizamnamə kapitalının artırılması üçün vəsait ayrılıb. Bu vəsait hesabına gəmiçilik tərəfindən bərələr və təmir doku alınıb. Həmçinin, meliorasiya və su təsərrüfatı sahəsindəki tədbirlərə də vəsaitlər ayrılıb. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm də müxtəlif beynəlxalq maliyyə kredit təşkilatlarından vəsaitlər cəlb edilib.