Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin aprel ayı üzrə 80,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart indeksindən 42,7 faiz bəndi azdır.
RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin aprel ayında ümumi pərakəndə dövriyyəsi 1 356,4 mln. manat, martda isə 1 683,8 mln. manat təşkil edib.
Göründüyü kimi, indeks azalmaqla paralel 100%-dən aşağı olub. İndeksin 100%-dən aşağı olması apreldə pərakəndə ticarətin marta nisbətən azaldığını göstərir. Bu azalmanın əsas səbəbi martda fevral ayı ilə müqayisədə pərakəndə ticarətin nəzərə çarpan dərəcədə artmasıdır. Belə ki, mart ayında pərakəndə ticarət dövriyyəsi aylıq müqayisədə 23,3% artıb, bu isə martda qeyd olunan bir neçə bayramla əlaqədar alışın artması ilə bağlıdır. Aprel ayında isə ticarət dövriyyəsi yenidən orta aylıq göstəriciyə yaxın səviyyəyə enib.
Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində pərakəndə ticarətdə 9,4%-lik illik artım müşahidə olunub. Bundan əlavə, 2012-ci ilin ərzində orta aylıq pərakəndə ticarət dövriyyəsi 1,463 mlrd. manata bərabər olduğu halda, 2013-cü ildə bu göstərici 1,472 mlrd. manata çatıb. Beləliklə, həmin göstərici üzrə cəmi 0,6%-lik artım müşahidə olunur.