Bakı. Musa Əhmədov - APA-Economics. 2020-ci ilə qədər Azərbaycanda sığorta daxilolmaları ilə bağlı proqnoz dəyişib.
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin edilməsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə bildirib ki, “Sığorta fəaliyyəti haqqında” qanun qəbul edilərkən 2020-ci ilə qədər toplanan sığorta haqlarının 1 mlrd. manata çatacağı proqnozlaşdırılıb.
Z. Səmədzadə bildirib ki, 2020-ci ilə qədər sığorta daxilolmaları gözləniləndən az olacaq: “Biz hesablamışdıq ki, 2020-ci ilə qədər Azərbaycanda sığorta daxilolmaları 1 milyard manata çatacaq. Bu məbləğə çatmaq imkanımız var idi. 2020-ci ilə qədər sığorta daxilolmaları 700 milyon manata çatacaq”.
Millət vəkili vahid Əhmədov adambaşına düşən sığorta daxilolmalarının məbləğinin az olduğunu qeyd edib.
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin rəisi Namiq Xəlilov bildirib ki, son 5 ildə sığorta bazarı 3 dəfə artıb: “Onda adambaşına düşən sığorta daxilolmalarının məbləği 15 manat idisə, indi 40 manatı ötüb”.