Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 523 mln. manat və ya 22,4% artaraq 2014-cü il dekabrın 1-nə 24 706,7 mlrd. manatı keçib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin noyabr ayı ərzində aktivlərin həcmi 770,5 mln. manat və ya 3,21% artıb. Bu ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə 4 321,6 mlrd. manat və ya 21,19%-lik artım qeydə alınıb.
Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 16 782,3 mln. manat və ya ümumi aktivlərin 67,9%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 146 mln. manat həcmində olan investisiyalar, 1 740,9 mln. manat həcmində olan müxbir hesabları, 929,1 mln. həcmində nağd vəsaitlər, 1 098,1 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 2 010,2 mln. manat həcmində digər aktivlər tutur.
Passivlərin strukturunda isə 10 818,8 mln. manat depozitlər, 8 210 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 648,9 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 4 029 mln. manat təşkil edib.