Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AtaHolding» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 19 422 500 ədəd, emissiyanın ümumi həcmi isə 38,845 mln. manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə yerləşdiriləcək və yerləşdirmə başa çatdıqdan sonra «AtaHolding»in nizamnamə kapitalı 46,3% artaraq 122,745 mln. manata çatacaq.
Qeyd edək ki, 2003-cü ildə fəaliyyətə başlamış «AtaHolding» ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, həmçinin intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. «AtaHolding»in hazırkı nizamnamə kapitalı 83,900 mln. manat təşkil edir və əsasən maliyyə, IT, sənaye, xidmət və turizm sahələrinə yönəldilib. Holdinqin maliyyə sektorunda «AtaBank», «AtaSığorta», «AtaLizinq», turizm sektorunda «AtaTurizm», «AtaTravel» və 5 ulduzlu «Excelsior Hotel Baku» mehmanxanası, sənaye sektorunda «AtaSənaye», IT sahəsində «AtaTexnologiya» şirkətləri fəaliyyət göstərir. Bundan başqa, «AtaHolding» Rusiyanın «Bank VTB» (Azərbaycan) ASC-nin əsas səhmdarlarından biridir (48,99%).