Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin I rübü üzrə tədiyyə balansında əks olunan gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1 525,3 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 1 342,8 mln. dolları və ya 88,0%-i Azərbaycandan həyata keçirilən ödənişlər, 182,5 mln. dolları və ya 12,0%-i ölkəyə daxil olan gəlirlərlə bağlı daxilolmaların payına düşür.
Beləliklə, 2013-cü ilin I rübündə gəlirlər üzrə tədiyyə balansında 1 160,3 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 9,7% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan aparılan ödənişlər Azərbaycana daxil olan ödənişləri 7,4 dəfə üstələyir.
Azərbaycandan ödənişlərin əsas hissəsini (1,2 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (48,2 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (99,8 mln. dollar) təşkil edir.
Gəlirlər üzrə mənfi saldonun 1 154,1 mln. dolları və ya 99,5%-i neft-qaz sektoru, 6,2 mln. manatı və ya 0,5%-i isə digər sahələrin payına düşür. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 608 dəfə üstələyir (ödənişlər 1 156,0 mln. dollar, daxilolmalar 1,9 mln. dollar olub). Digər sahələr üzrə ödənişlər daxilolmaları 3,5% üstələyir (ödənişlər 186,8 mln. manat, daxilolmalar 180,7 mln. manat olub).