Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan BMT Baş Məclisinin 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata göoə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkədə həyata keçirilən iri layihələr barədə geniş məlumat verib və qeyd edib ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. «Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır. Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Bununla belə, regionun potensialının tam reallaşdırılmasına ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və BMT problemin tezliklə beynəlxalq hüquq normalarına uyğun həlli, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün səylərini artırmalıdır», - deyə nazir vurğulayıb.
Öz növbəsində V.Yeremiç Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolunu yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.