Bakı - APA-Economics. "AGBank" bu il ərzində bir neçə filial açmağı nəzərdə tuturdu. Lakin baş verən devalvasiya və ondan sonrakı proses nəticəsində biz fikrimizdən daşındıq".
Bunu "APA-Economics"ə bankın rəhbərliyində təmsil olunan şəxs bildirib.
"Filiallardan biri Bakıda, digəri isə qərb bölgəsində açılmalı idi. Hətta filiallar üçün yerlər də seçilmişdi. Lakin baş verən devalvasiya bizi vadar etdi ki, biz aktivlərin artımını deyil, keyfiyyətli idarə olunmasına nəzarət edək. Biz cəlb olunan vəsaitlərin, o cümlədən aktiv kreditləşmənin azalmasını nəzərdən keçirik. Biz kommersiya qurumuyuq və bazarda yaranan vəziyyətə uyğun hərəkət etməliyik. Ümumi mənzərə bundan ibarətdir ki, aktivlərin keyfiyyətində pisləşmə var, bunu Mərkəzi Bankın statistikası da göstərir. “AGBank” bu prosesdən kənarda qalmayıb. Bizim qərarımız ondan ibarətdir ki, aktivləri olduğu səviyyədə qoruyaq, aqressiv artım olmayacaq. Təbii ki, proseslər müsbət məcraya yönəlsə, biz strategiyamıza yenidən baxacağıq", - deyə bank rəsmisi bildirib.
Bununla yanaşı, bankir deyib ki, maliyyə qurumunda ixtisarlar baş tutacaq, lakin "söhbət ciddi ixtisarlardan getmir": "O ki qaldı ixtisarlara, hesab etmirik ki, bizim əməkdaşlarımızın sayı kifayət qədər çoxdur və hər hansı bir ciddi ixtisar nəzərdə tutulmayıb. Lakin biz də öz daxili analizlərimizi aparırıq. Tutalım, hər hansı bir regionda fəaliyyət göstərən filialda 8 nəfərdə ibarət qrup kreditləşməni həyata keçirirsə və kreditlərin həcmi ikiqat azalırsa, deməli, həmin qrupdakı işçilərin sayı 4-ə enə bilər. Bu, normal prosesdir".