Bakı. Musa Əhmədov-APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta haqlarının 213,5 mln. manatı 75,4%-i qeyri-həyat sığortasının payına düşüb.
“APA-Economics”in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 7,6 mln. manat və ya təxminən 3,4% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 23,4%-i və yaxud 49,9 mln. manatı tibbi sığortanın, 21,3%-i və ya 45,4 mln. manatı avtomobillərin icbari sığortasının, 11,4%-i və ya 24,4 mln. manatı kasko sığortanın, 9,7%-i və ya 20,7 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,5%-i və ya 11,7 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
2014-cü ilin 8 ayında sığorta bazarındakı ödənişlərin 80,3%-i və ya 83,1 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu 2013-cü ilin eyni dövrünə nisbətən 8 mln. manat və ya təxminən 10,7% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,7%-i və ya 31,3 mln. manatı tibbi sığortanın, 21,7%-i və ya 18 mln. manatı kasko sığortanın, yəni 22,7%-i və ya 18,9 mln. manatı avtomobillərin icbari sığortasının, 7,2%-i və yaxud 6 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,7%-i və ya 1,4 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında 34,9 manat olub.