Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 1,1 mlrd. ABŞ dolları və ya 2,3% artaraq 47,1 mlrd. dollara çatıb ki, bu da təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının I rüb üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.
İcmala əsasən, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur.
AMB-nin valyuta ehtiyatları isə ilin əvvəlindən 5,5% artaraq 12,3 mlrd. dollar olub ki, bu da təxminən bir illik mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir.
Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70%-ə yaxındır. Bu göstəriciyə görə Azərbaycan dünyada ilk 15-likdədir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü «makroiqtisadi bufer» formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyi əlverişlidir.