Bank Of Baku

Azərbaycanın vergilər naziri İran Milli Vergi Administrasiyasının rəhbərini qəbul edib

Azərbaycanın vergilər naziri İran Milli Vergi Administrasiyasının rəhbərini qəbul edib
# 14 may 2013 16:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. İran İslam Respublikasının Milli Vergi Administrasiyasının rəhbəri Əli Əskərinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Azərbaycanın Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanın milli vergi sistemi ilə yaxından tanış olmaq, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparmaqdır.

 

Nümayəndə heyətinə İran Milli Vergi Administrasiyasının birbaşa vergilər departamentinin direktor müavini Hüseyn Vəkili, İnformasiya Texnologiyaları Mərkəzin direktoru Nader Aryah, İran parlamentinin iqtisadi missiyasının nümayəndələri Həmid Reza Hosusi və Məhnaz Bəhməni daxildir.

 

Səfər çərçivəsində nümayəndə heyəti Vergilər Nazirliyinin 195 telefon məlumat xidməti ilə tanış olub, son illər vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar, yeni informasiya texnologiyalarının tətbiqinə dair təqdimatları dinləyiblər. Nümayəndə heyətinin üzvləri Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” Mərkəzinin, Vergilər Nazirliyinin “bir pəncərə” sahibkarlıq subyektlərinin qeydiyyatı sistemi və Xüsusi Rejimli Vergi Xidməti Departamentinin fəaliyyəti ilə yaxından tanış olub.

 

Bu gün vergilər naziri Fazil Məmmədov nümayəndə heyətini qəbul edib. Nazir ölkələrin arasında mövcud olan mehriban qonşuluq münasibətləri barədə danışıb, hər iki ölkənin rəhbərləri arasında olan dostluq münasibətlərinin hökumətlər və ayrı-ayrı qurumlar arasında əməkdaşlığın inkişafına da müsbət təsir göstərdiyini vurğulayaraq, Azərbaycan və İranın vergi orqanları arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycanın vergi sistemində son illər aparılan islahatlar və qarşıya qoyulmuş strateji hədəflər barədə məlumat verən F.Məmmədov yaxın gələcəkdə müasir informasiya texnologiyalarının tətbiqi, birinci mərhələsi başa çatmaqda olan elektron audit layihəsinin həyata keçirilməsi, partnyorluq sazişlərinin bağlanılmasına başlanılması, nəzarət sistemində daha şəffaf və asan yollardan istifadə olunmasına üstünlük verilməsi kimi məsələlərin prioritet olduğunu diqqətə çatdırıb.

 

İran Milli Vergi Administrasiyasının rəhbəri Əli Əskəri ölkələr arasında qonşuluq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin, İran İslam Respublikası və Azərbaycanın ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə möhkəm əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Ə.Əskəri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması və yeni texnoparkların yaradılmasının maraqlı təcrübə olduğunu qeyd edib, bu istiqamətlərdə əməkdaşlıq üçün kifayət qədər böyük  potensial olduğunu vurğulayıb.

 

Bu ilin yanvar ayında Tehranda EKO üzvü olan ölkələrin vergi administrasiyaları rəhbərlərinin iclasında Azərbaycan nümayəndə heyətinin təqdimatlarının böyük maraq doğurduğunu xatırladan Əli Əskəri bundan sonra Azərbaycanın vergi sahəsindəki təcrübəsi ilə yerində tanış olmaq üçün İran Milli Vergi Administrasiyasının rəhbər vəzifəli şəxslərindən və İran Parlamentinin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini və burada gördüklərindən çox məmnun olduqlarını bildirib.

 

Xüsusilə Azərbaycanın vergi sistemində son 10 ildə aparılmış islahatların nəticələrinin onlar üçün çox maraqlı olduğunu diqqətə çatdıran İran Milli Vergi Administrasiyasının rəhbəri xüsusilə vergi sisteminin elektronlaşdırılması, vergi ödəyicilərinə xidmət, ƏDV inzibatçılığı sahəsində Azərbaycanın əldə etdiyi təqdirəlayiq təcrübədən faydalanmaq niyyətində olduqlarını bildirib.

 

F.Məmmədov ölkələrin vergi administrasiyalarının strateji hədəfləri arasında böyük oxşarlıqlar olduğuna diqqət çəkərək, inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən faydalanmaqla yanaşı, qonşu şərq ölkələrində də kifayət qədər müsbət təcrübə toplandığını və bu təcrübədən də yararlanmaq üçün ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

 

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR