Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanın xarici dövlət borcu 4 mlrd. 987,9 mln. manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,5% təşkil edir.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, borc vəsaitlərinin 7,7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
İyulun 1-nə 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 10,8%, ABŞ dolları – 60,6%, avro – 24,3%, yapon yeni – 2,3%, İslam dinarı – 0,8%, Səudiyyə rialı – 0,5%, BƏƏ dirhəmi – 0,5%, Küveyt dinarı – 0,2%.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.
Həmçinin, cari ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250 mln. dollarda vəsait cəlb edilib və bununla Azərbaycan dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi qoyulub.