Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabrın 9-10-da Azərbaycanın və İranın Astara şəhərlərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətləri müzakirələr aparıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, əldə olunmuş razılaşmaya əsasən, İran tərəfi "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında "Ordubad" və "Marazad" Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş"i yaxın vaxtlarda ratifikasiya edəcək, "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin imzalanması sürətləndiriləcək.