Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans işə başlayıb.
APA-nın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri, jurnalistlər iştirak edir.
Konfrans 2 paneldən ibarətdir. “Təhsildə media təfsilatı” mövzusundakı birinci panel Bakı Dövlət Universitetində keçirilir. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda məruzə ilə çıxış edir.
Müzakirələrdən sonra tədbir “Krizis kommunikasiyada media” mövzusunda Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın məruzəsi ilə davam etdiriləcək.
Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Burada “APA Holding”in prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edəcək. Tədbirdə “Multimedia” İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün “Sosial mediada PR texnologiyaları” və təhsil eksperti Asif Cahangirovun “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələri də nəzərdə tutulub.
Konfransın “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, tədbirə “APA Holding”, “Azad Azərbaycan” televiziyası və “Azərbaycan müəllimi” qəzeti informasiya dəstəyi verir.