"APA-Economics"in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən və toplantıya sədrlik edən QDTİB-in Azərbaycan üzrə müdiri, ölkənin maliyyə naziri Samir Şərifov qeyd edib ki, Qara Dəniz regionu Avropada yaşanan maliyyə böhranından kifayət qədər zərər çəkib. Belə ki, 2009-cu ildə regionda iqtisadi artım 6,4% təşkil edibsə, 2010-cu ildə bu göstərici 4,2%-ə, 2011-ci ildə 4,1%-ə, 2012-ci ildə isə 2,1%-ə enib. Regionda ixracın artımı 2010-cu ildə 26%, 2011-ci ildə 28%, 2012-ci ildə isə cəmi 2,3% təşkil edib: "Bu neqativ göstəricilər regional əməkdaşlığın dərinləşdirilməyə ehtiyac olduğundan xəbər verir".
S. Şərifov onu da bildirib ki, QDTİB ötən il ərzində bank sektorunda ümumi məbləği 168 avro təşkil edən 15 kredit ayırıb. Ardıcıl olaraq 8 il xalis mənfəətini artıran Bank 2012-ci ildə xalis mənfəətini əvvəlki ilə nisbətən 14,9 mln. avro və ya 48% artırıb: "Hazırda QDTİB-in kredit portfeli 1,280 mlrd. avro təşkil edir ki, bu göstərici də mövcud real potensiala uyğun deyil. Ümumiyyətlə, QDTİB-in genişləndirilməsi üçün böyük potensial var və artıq bu maliyyə institutunun institusional inkişafına yenidən baxılmalıdır".
Tədbirdə çıxış edən QDTİB-in prezidenti Andrey Kondakov Bankın ötənilki fəaliyyətindən danışıb və qeyd edib ki, cari il ərzində QDTİB-in kredit portfelinin 8-9% artacağı gözlənilir: "Biz bu il balans kredit portfelimizi 790 mln. avrodan 900 mln. avroyadək artırmaq niyyətindəyik. Ümumiyətlə, Bankın təsdiqlənmiş, imzalanmış və balans kredit portfelləri mövcuddur ki, onlar da müvafiq olaraq 1,2 mlrd. avro, 1 mlrd. avro və 0,790 mlrd. avro təşkil edir. Biz portfelimizin diversifikasiyası üzrə işlərimizi davam etdirəcəyik".
Avropada maliyyə böhranının yaşanmasına baxmayaraq, QDTİB-in xalis mənfəətinin artdığını deyən A.Kondakov, həmçinin bildirib ki, ötən il Bankın xalis mənffəti 15 mln. avro təşkil edib.
Azərbaycanla Bank arasında güclü əməkdaşlığın olmasını diqqətə çatdıran QDTİB prezidenti onu da əlavə edib ki, Qara dəniz regionunda elə ölkələr var ki, orada Bankın layihələri istənilən kimi icra olunmur. Lakin Azərbaycanda bütün layihə və əməliyyatlar uğurla davam etdirilir: "Hazırda QDTİB-in Azərbaycanla güclü əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi Bank tərəfindən dəstəklənir. 2008-ci ildən Azərbaycan Bankın kapitalında payını 2%-dən 5%-ə qədər artırıb. Ölkənin QDTİB-in mövcud kredit portfelində payı 10%-dək yüksəlib və bu artım davam edir. Buna görə də QDTİB 2011-2014-cü illər üçün Azərbaycan üzrə strategiyanı uğurla həyata keçirir. Ölkə üzrə strategiyada Azərbaycanın diversifikasiya məqsədlərininə uyğun olaraq qeyri-neft və qaz sektorunda kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. QDTİB 2011-ci ildən Azərbaycanda dəyəri 67 mln. avro olan 10 layihənin maliyyələşdirilməsini təsdiq edib və investisiya həcmi, əməliyyatların sayı və ümumi əməliyyat portfelinin nəticələri baxımından Azərbaycan QDTİB-in beş ən çox kredit alan ölkələri sırasındadır".
Qeyd edək ki, QDTİB-nın Azərbaycanın maliyyə institutları ilə uğurlu əməkdaşlığı məşğulluğun özəl sektorda əsas hissəsinin cəmləşdiyi kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib və iqtisadiyatın qeyri-neft sektorunun gələcək inkişafı üçün prioritet sahələr təqdim edir. QDTİB gələcəkdə nəqliyyat, kənd təsərrüfatı və istehsal sahələrinə investisiya ayırmaqla Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına yönəlmiş fəaliyyətləri dəstəkləməyi nəzərdə tutur.
Xatırladaq ki, 1996-cı ildə təsis edilən QDTİB 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Azərbaycan 2002-ci ildən bu Bankın üzvüdür. QDTİB regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in səhmdarları rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir. Azərbaycan QDTİB-də 5% paya malikdir.