Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bank «BTB» ASC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 36,4 min ədəd, emissiyanın ümumi həcmi isə 36,4 mln. manat təşkil edir. Emissiya kütləvi təklif üsulu ilə yerləşdiriləcək və yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 3,7 dəfə artaraq 50 mln. manata çatacaq.
Qeyd edək ki, Bank «BTB» 2010-cu ildən fəaliyyət göstərir. Ötən il bankın aktivləri 91,8 mln. manat, kredit portfeli 83 mln. manat, depozit portfeli 42,9 mln. manat təşkil edib. Hazırda «BTB»nin nizamnamə kapitalı 13,6 mln. manata bərabərdir.