Bank Of Baku

Bank VTB-nin Azərbaycan paytaxtında yeni baş ofisi açılıb

Bank VTB-nin Azərbaycan paytaxtında yeni baş ofisi açılıb
# 17 may 2013 12:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Bank VTB» (Azərbaycan) ASC-nin yeni baş ofisi və növbəti filialının rəsmi açılış mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, bankın baş ofisi Xətai prospekti, 38-də, yeni «Nizami» filialı isə Cəfər Cabbarlı küçəsi, 6/8 ünvanlarında açılıb.

 

Tədbirdə VTB Qrupunun törəmə müəssisələri, Azərbaycan Mərkəzi Bankı və «AtaHolding» ASC-nin nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən «Bank VTB»nin (Azərbaycan) İdarə Heyətinin sədri Aleksey Yeryomin Azərbaycan bank sektorunun unikal olduğunu bildirib və qeyd edib ki, bankın baş ofisi və yeni açılmış filialı digər filiallar kimi müştərilərə yüksək səviyyəli xidmətlər göstərəcək.

 

A.Yeryomin həmçinin qeyd edib ki, hazırda bankın 200-dən artıq əməkdaşı var: «Lakin bu ilin sentyabr ayında biz baş ofisimizi daha 30% genişləndirmək niyyətindəyik ki, bu da ştatın artırılması ilə əlaqədardır».

 

Bankın son illərdəki fəaliyyətindən danışan A.Yeryomin əlavə edib ki, cari ilin sonunadək «Bank VTB» (Azərbaycan) nizamnamə kapitalını 50 mln. manata çatdırmaq niyyətindədir: «Eyni zamanda, bankın 2014-cü ildə mənfəətə çıxacağı gözlənilir. Biz, həmçinin iqtisadiyyatın yeni sahələrinin maliyyələşdirilməsini, o cümlədən korporativ bankçılığın genişləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçiririk».

 

Tədbirdə çıxış edən VTB Grupunun Törəmə müəssisələr Departamentinin direktoru  Mixail Yakunin bildirib ki, Azərbaycan VTB Qrup üçün prioritet ölkələrdən sayılır və bankın filial şəbəkəsinin genişləndirilməsi «Bank VTB»nın (Azərbaycan) yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir: «Burada güclü komanda formalaşıb ki, onların səyi nəticəsində bank bir qədər də inkişaf edəcək».

 

Qeyd edək ki, «Bank VTB»nın (Azərbaycan) həmçinin «Memar Əcəmi» və «Nərimanov» filialları da fəaliyyət göstərir.

 

Xatırladaq ki, 2007-ci ildə «Bank VTB» (Azərbaycan) «AF-Bank» Səhmdar Kommersiya Bankının nizamnamə kapitalında 51%-lik iştirak payı alıb. Azərbaycan Mərkəzi Bankından 2009-cu ilin martın 19-da lisenziya alan bank 2008-ci ilin fevralında adını «Bank VTB» (Azərbaycan) ASC-yə dəyişdirib. Sonradan Azərbaycanın «AtaHolding» Şirkətlər Qrupu bankda 49%-lik iştirak payı alıb. VTB-nin Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir.

 

Hazırda «Bank VTB» (Azərbaycan) korporativ və fərdi müştərilərə bütün növ bank xidmətləri göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR