Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il ərzində Azərbaycanda kommersiya banklarının yerli filiallarının sayı azalıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində banklar 10 filialını bağlandığından filialların sayı 250-yə düşüb. Belə ki, əgər 2015-ci ilin əvvəlində ölkədə bankların 260 filialı var idisə, ilin sonuna bu rəqəm 250-yə düşüb.
Hesabat dövründə dövlətə məxsus bankların birində 1 yeni filial fəaliyyətə başlayıb. Əvəzində 2015-ci il ərzində özəl banklar 11 filialını bağlayıb. Başqa sözlə, özəl bankların yerli filiallarının sayı 720-dən 709-a qədər azalıb.
Bundan fərqli olaraq ötən il bankların şöbələrinin sayı 160-dan 164-ə yüksəlib. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayında isə azalma olub. Yəni, ilin əvvəlində Azərbaycan banklarının xaricdə 11 strukturu fəaliyyət göstərirdisə, ilin sonuna bu göstərici 9-a enib. Maraqlıdır ki, üçüncü rübdə Azərbaycan banklarının xaricdə strukturlarının sayı 12-yə yüksəlsə də, 4-cü rübdə bu göstərici 9-a düşüb.
Bundan başqa, ötən il bankların xaricdəki nümayəndəliklərinin sayı 7-dən 4-ə qədər azalıb.
2015-ci ildə ləğvetmə prosesində olan bankların sayı 7-ə yüksəlib.