Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2016-cı il yanvarın 1-ə 23 463,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 mlrd. 9,7 mln. manat və ya 51,83% çoxdur. O cümlədən, noyabr ayı ilə müqayisədə ötən ilin dekabr ayında depozitlərin həcmi 5 864,2 mln. manat və ya 33,32% çoxdur.
Depozitlərin tərkibində 9 mlrd. 473,9 mln. manatı və ya 40,4%-i ev təsərrüfatları əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2015-ci il yanvarın 1-ə nisbətən 2 mlrd. 285,5 mln. manat və ya 31,8% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin oktyabrın 1-ə 13 mlrd. 989,2 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 5 mlrd. 724,2 mln. manat və ya 69,3% artıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 6 mlrd. 358,8 mln. manatı və ya 45,46%-i maliyyə təşkilatların depozitlərinin 7 mlrd. 630,4 mln. manatı və ya 54,54%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.
Yerli banklarda depozitlərin 4 mlrd. 236,5 milyonu (ümumi portfeldə payı 18,3%) manatla, 19 mlrd. 226,6 milyonu (ümumi portfeldə payı 81,7%) isə xarici valyutada yerləşdirilib.