Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 4,8 mlrd. manat olmaqla 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7,9% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarı üzrə real artımın 79,7%-i ticarət, 20,3%-i xidmət fəaliyyətinin
hesabına yaranıb.
Bu ilin ilk iki ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənib və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 8,2% üstələyərək 4,5 mlrd. manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 98,9%-i özəl bölmənin sayəsində təmin edilib.
Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 251,1 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,2 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.