Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 14438,8 mln. manat məbləğində vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 8835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektlərinin, 4689,5 mln. manatı (32,5%-i) xidmət sahələri üzrə obyektlərin, 914,0 mln. manatı (6,3%-i) isə ümumi sahəsi 1634,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 8210,8 mln. manatını və ya 56,9%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 10570,4 mln. manatı və ya 73,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2015-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52,4%-i sənayeyə, 13,9%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 12,7%-i tikinti, 4%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7%-i istirahət, əyləncə və incəsənət, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i informasiya və rabitə, 1,8%-i təhsil, 1,6%-i ticarət, 0,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5%-i digər sahələrdə xidmətlərin göstərilməsi, 0,4%-i daşınmaz əmlakla əlaqədar fəaliyyət, hər birində 0,1% olmaqla maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.