Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın mebel istehsalı ilə məşğul olan «Embawood» şirkətinə istehsalın genişləndirilməsi üçün 12 mln. ABŞ dolları həcmində kredit ayırıb.
Bankın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, EBRD tərəfindən verilən kreditin bir hissəsi şirkətin bütün müəssisələrində yüksək standartları təmin etmək məqsədilə keyfiyyətə nəzarət sisteminin tətbiqinə sərf ediləcək. Kreditin bir qismi isə şirkətin mövcud üç istehsal müəssisəsində enerji səmərəliliyinin artırılmasına yönələcək.
Qeyd edək ki, «Embawood» ev və ofis mebelləri üzrə Azərbaycanın iri istehsalçısı və pərakəndə satıcısıdır. Üçü Azərbaycanda və dördü ölkədən kənarda (biri Ukrayna, biri Özbəkistanda, ikisi isə Gürcüstanda) olmaqla şirkətin 7 mebel fabriki fəaliyyət göstərir. Pərakəndə satış şəbəkəsi vasitəsilə «Embawood» dünyanın 10 ölkəsində 200-ə yaxın ticarət obyektində təmsil olunur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bu günədək EBRD və Azərbaycan arasında ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə 2,1 mlrd. dollar məbləğində 131 investisiya müqaviləsi imzalanıb.