Bakı. Real Cəfərli - APA. İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni ölkədəki inflyasiyanın səviyyəsinin həddinin azaldılmasında aciz qaldıqlarını etiraf edib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, M.Bəhməni bildirib ki, hazırda ölkədə inflyasiyanın səviyyəsi 30,5%-dir: “Düzdür, ölkədə inflyasiyanın belə bir həddə olması çox yüksəkdir. Biz bunu azaltmağa çalışsaq da, təəssüflər olsun ki, gücümüz kifayət etmədi. Yalnız bu həddə saxlaya bildik”.
Qeyd edək ki, İran Statistika Mərkəzi ölkədəki inflyasiya səviyyəsinin 31,5% olduğunu elan edib. İran parlamentinin Araşdırma Mərkəzi isə ölkədəki inflyasiya səviyyəsinin 32%-ə çatacağını açıqlayıb. Ümumilikdə son 17 ildə İranda inflyasiya səviyyəsi ən yüksək həddə çatıb. Bu göstəricilərə görə İran Orta Şərqdə birinci, dünyada altıncı yerdədir.