Bakı - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, məlumata əsasən, “Hyundai Sonata" markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və həmin avtomobilin tütün məmulatını Salyan rayonunun Şorsulu kəndində satmaq məqsədilə Biləsuvar şəhərindən Salyan rayonu istiqamətində hərəkət edəcəyi bildirilib.
Əməliyyat tədbiri nəticəsində avtomobil saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində Azərbaycanın aksiz markası ilə markalanmayan cəmi 32 600 ədəd “Megan”, “Manchester”, “Amore”, “M1” və “Monus” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.