Bakı - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə aparılan islahatların mühüm istiqamətlərindən biri də bank quruculuğu olub. Bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirilib.
E.Rüstəmov bəyan edib ki, Azərbaycan cəmi 3 il ərzində orta gəlirli ölkələr qrupuna daxil olub. Halbuki ən yaxşı təcrübələrdə belə, uğurun müddəti 10 ildən az olmayıb. Yoxsulluq 50%-dən 6%-ə enib. İşsizlik tamamilə aradan qalxıb. Sosial həyatın bütün sahələrində ölkə müasirləşməyə başlayıb. Milli iqtisadiyyat ötən dövrdə 3,4 dəfə böyüyüb, orta illik iqtisadi artım tempi dünya üzrə orta artım tempini 3,5 dəfə üstələyərək 13,5% təşkil edib. Ölkədə müasir infrastruktur yaradılmış, regional inkişaf sürətlənib.
Qeyd edilib ki, 2003-cü ildən bəri yüksək inkişaf və iqtisadi artıma adekvat olaraq bank sektoru 17 dəfədən çox böyüyüb, onun maliyyə vasitəçiliyi rolu əhəmiyyətli genişlənib, korporativ sektorun və əhalinin bank maliyyəsinə əlyetərliliyi səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bank sektoruna inam əhəmiyyətli şəkildə yüksəlib, əmanət bazası 5 mlrd. manatı keçib. Hazırda ölkədə 2 mln. nəfər əmanətçi var. Sektorun maliyyə dərinliyi son 10 ildə 2 dəfə artaraq qeyri-neft Ümumi Daxili Məhsulun 67%-nə çatıb.