Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Səlim Müslümov ölkəmizdə sosial rifah halının mütəmadi olaraq yüksəldiyini bildirib.
2014-cü ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9%, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6% çox vəsait yönəldildiyini qeyd edən nazir ötən il sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 mln. manat və ya 20,8% çox vəsait sərf olunduğunu diqqətə çatdırıb.
“Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, prezidentin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən prezident təqaüdlərinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6%, II qrup əlillər üçün 85,7%, III qrup əlillər üçün 100% təşkil edib”, -deyə S.Müslümov qeyd edib.
S.Müslümov əhaliyə sosial təminat sistemindən müasir üsullarla, şəffaf və rahat istifadə imkanlarının yaradılması üçün mütərəqqi dünya təcrübəsi əsasında aparılan islahatlara toxunub, bu istiqamətdə tədbirlərin davam etdiriləcəyinin vurğulayıb.
“Yalnız son 20 gündə prezident İlham Əliyev tərəfindən ƏƏSMN-nin fəaliyyət sahələri ilə bağlı iki fərman və bir sərəncam imzalanıb. Bu sənədlər ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması, ünvanlı yardımların təyinat müddətinin iki ilədək uzadılması, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılmasını nəzərdə tutur. Təbii ki, imzalanan bu sənədlər əmək və sosial müdafiə sisteminin təkmilləşməsinə yönəlməklə, eyni zamanda ƏƏSMN-nin kollektivinə inam və etimaddan xəbər verir. Biz də daim çalışacağıq ki, qarşımızda qoyulan bütün vəzifələri uğurla icra edək”, - deyə S.Müslümov vurğulayıb.