Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda ötən ilin iyulunda fəaliyyətini dayandırılmış «Royal Bank» ASC-nin əmanətçiləri indiyədək 1,9 mln. manat həcmində vəsaitini hələ də götürməyiblər. Bu barədə «APA-Economics»ə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.
Xatırladaq ki, əmanətlərin indiyədək götürülməməsi ilə əlaqədar olaraq Fond bir qədər əvvəl əmanətçilərə təkrar müraciət edib. A.Cavadovun sözlərinə görə, hələ götürülməyən əmanətlərin 200 min manatı rezidentlərin (yerli vətəndaşların) payına düşür, onların sayı isə 1 500 nəfərdir. Fond rəhbəri qeyd edib ki, vəsaitlərin götürülməməsinin səbəbi də vəsaitlərin kiçik məbləğdə (orta hesabla hər adama 134 manat) olması ilə bağlıdır.
Hələ götürülməyən əmanətlərin böyük hissəsi - 1,5 mln. manatı qeyri-rezidentlərin (xarici vətəndaşların) payına düşür ki, belə şəxslərin sayı 2000-ə yaxındır.
«Təəssüf ki, indiyədək onlar əmanətlərini götürməyiblər, onların iyun ayının 21-dək hələ vaxtı var, gəlib pullarını götürə bilərlər», - deyə Fond rəhbəri bildirib. Ümumiyyətlə, onun sözlərinə görə, «Royal Bank»dakı əmanətlərin qaytarılmasına başlandığı ilk ay ərzində – avqust ayında əmanətlərin 75%-i qaytarılıb. Amma ondan sonra əmanətlərin bankdan götürülməsi prosesi zəifləyib: «Elə günlər olur ki, ümumiyyətlə əmanət götürməyə gələn olmur».