Bakı. Nicat Mustafayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında QDTİB-in prezidenti Andrey Kondakov bildirib.
Onun sözlərinə görə, QDTİB Azərbaycan banklarının bir neçəsinə kredit ayıracaq ki, banklar öz növbəsində bu vəsaiti kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldəcək: «Ümumiyyətlə, 4 kredit müqaviləsi imzalanacaq – onlardan üçü Bakıda keçiriləcək biznes forum çərçivəsində, digəri isə QDTİB-in İllik Toplantısında imzalanacaq».
Bankların adlarını və ayrılacaq kreditlərin ümumi həcmini dəqiqləşdirməyən A.Kondakov bildirib ki, ümumiyyətlə QDTİB-in üzv ölkələrindəki əməliyyatların 85%-i özəl sektorun payına düşür: «Son illər ərzində bizim Azərbaycanın maliyyə sektorundakı fəaliyyətimiz uğurlu olub. Belə ki, biz sözügedən sektor vasitəsilə ölkənin kiçik və orta biznesinin inkişafına kreditlər ayırmışıq. Ümumiyyətlə, kiçik və orta biznes Azərbaycanın özəl qeyri-neft sektorunda əsas məşğulluq mənbəyidir və bu sahə ölkənin qeyri-neft sektorunun artımının əsas hissəsini təşkil edəcək».