Bakı. Nicat Mustafayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) üzv ölkələrdə dövlət sektorunda keçirdiyi əməliyyatların maliyyələşdirilməsini 15%-dən 25%-dək artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan QDTİB-in prezidenti Andrey Kondakov bildirib.
Onun sözlərinə görə, hazırda Bankın üzv ölkələrində həyata keçirdiyi əməliyyatların 85%-i özəl sektora aiddir: «Biz dövlət sektorunda da fəal ola bilərik və sözügedən sektorda fəaliyyətimizi 15%-dən 25%-dək artırmağı düşünürük».
Bankın Azərbaycanda fəaliyyətinə toxunan A.Kondakov bildirib ki, QDTİB ölkədə alternativ enerji sahəsində layihələrin maliyyələşdirilməsində maraqlıdır: «Eyni zamanda, biz enerji, nəqliyyat, istehsalat, aqrar və s. sahələrdə fəaliyyətimizi genişləndirəcəyik».
A.Kondakov onu da əlavə edib ki, son 2 il ərzində QDTİB Azərbaycanla 10 layihə üzrə ümumi həcmi 70 mln. avro olan müqavilələr imzalayıb, halbuki Azərbaycan üzrə 2011-2014-cü illəri əhatə edən strategiyaya 8 layihə üzrə ümumi həcmi 90 mln. avro olan müqavilələr nəzərdə tutulur: «Bu tərəqqi onu göstərir ki, plan artıqlaması ilə yerinə yetiriləcək. Ümumiyyətlə, Azərbaycan QDTİB-dən ən çox kredit alan 5 ölkə sırasındadır».
Bank rəsmisi onu da qeyd edib ki, iyunun 23-də Bakıda QDTİB-in Rəhbərlər Şurasının 15-ci İllik Toplantısı keçiriləcək. Tədbirdə Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2012-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək: «Səkkiz ildir ki, ardıcıl olaraq xalis mənfəətini açıqlayan Bankın 2012-ci il ərzində kredit portfeli artaraq 9%-dən yuxarı həddə çatıb».
İllik Toplantı münasibətilə QDTİB, Azərbaycan hökuməti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və regional biznes assosiasiyaların iştirakı ilə iyunun 21-də Bakıda biznes forumun təşkil ediləcəyini xatırladan A.Kondakov bildirib ki, iqtisadi diversifikasiya üzrə strateji siyasətlə bağlı müzakirələrin aparılacağı forumda Azərbaycan dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi diversifikasiyaya yanaşma prinsipləri təqdim olunacaq və dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyələr barədə fikir mübadiləsi aparılacaq: «Forumun ikinci hissəsində biznesin inkişafı mövzusunda iclaslar təşkil olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən biznes məsələlərindən əlavə Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları ətrafında müzakirələr aparılacaq».
Qeyd edək ki, 1996-cı ildə təsis edilən QDTİB 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Azərbaycan 2002-ci ildən bu Bankın üzvüdür. QDTİB regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in səhmdarları rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir. Azərbaycan QDTİB-də 5% paya malikdir. Bankın Azərbaycan üzrə müdiri ölkənin maliyyə naziri Samir Şərifovdur.