Bakı. Musa Əhmədov – APA-Economics. Sığorta şirkətləri yığımların azalmasının qarşısını almaq üçün könüllü qaydada avtomobil sığortasının satışını artırmalıdırlar. APA-Economics”in məlumatına görə, Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov sığorta şirkətlərinin yığımlarının azalmasına münasibət bildirərkən belə deyib.
O bildirib ki, sığorta bazarının illik artımı ilə bağlı əvvəllər verilən proqnoz dəyişə bilər. Xatırladaq ki, DSNX və Azərbaycan Sığortaçılar Assosiasiyası bu il sığorta şirkətlərinin topladıqları sığorta haqlarının illik müqayisədə 15-20% artacağını proqnozlaşdırıb. Lakin, Mərkəzi Bank avtomobil kreditlərinin şərtlərini sərtləşdirdikdən sonra vəziyyət dəyişib.
“Proqnoz, verilən andakı vəziyyətə uyğun tərtib edilir. Sonradan vəziyyət dəyişəndə proqnoz da dəyişə bilər. Sığorta bazarının 15-20% civarında artacağı barədə proqnoz veriləndə Mərkəzi Bankın kreditlərlə bağlı qərarı barədə məlumat yox idi. İndi vəziyyət dəyişib. Ola bilsin ki, yığımların həcmində dəyişiklik olsun. Amma ilin sonuna hələ altı aydan çox bir vaxt qalıb. Gözləyək görək”, - deyə o bildirib.
Qeyd edək ki, bu ilin martına qədər sığorta bazarında yığımların həcmi əksər aylarda, o cümlədən illik 15%-dən yuxarı artıb. Apreldə isə sığorta haqlarının yığımı 7% çoxalıb.