Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə əmtəə ixrac olunub, 103 ölkədən idxal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 42-si Avropa, 17-si Amerika, 34-ü Asiya ölkələri və digərləridir.
İki ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 4 646,7 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 2939,6 mln. dollar, idxalın həcmi 1707,1 milyon dollar təşkil edib, nəticədə 1232,5 milyon dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 72,6% artaraq 349,9 mln. dollar təşkil edib.