Bank Of Baku

Beynəlxalq təşkilatların rəhbərləri Rusiyanın separatçı bölgələrin müstəqilliyini tanımaq qərarını pisləyiblər

Beynəlxalq təşkilatların rəhbərləri Rusiyanın separatçı bölgələrin müstəqilliyini tanımaq qərarını pisləyiblər
# 27 avqust 2008 08:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt, Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarını pisləyiblər. APA-nın məlumatına görə, Pan Gi Mun bəyan edib ki, hadisələrin bu istiqamətdə inkişafı Qafqazda təhlükəsizlik və stabillik üçün təhlükə törədir.
Avropa Şurasının baş katibi Terri Devis öz bəyanatında bildirib ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən birtərəfli şəkildə tanınması Avropa Şurasına onun kimi üzv olan digər dövlətin ərazi bütövlüyünü pozması deməkdir: “Bu addım qeyd olunan iki regionun gələcək statusu haqqındakı mübahisələrin danışıqlar yolu ilə həll edilməsi perspektivlərinə təhlükə yaradır. Rusiya hər iki yoldan istifadə edə bilməz. Əvvəllər Rusiya ərazi bütövlüyü prinsipini ciddi şəkildə dəstəkləyirdi. Bu prinsipə zidd olaraq Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı verilən qərar istənilən obyektiv müşahidəçini təəccübləndirməlidir. Bu qərarın əsas qurbanı isə Rusiya Federasiyasının beynəlxalq etibarıdır. Ruslar beynəlxalq qanundan ancaq özləri istədikləri vaxt istifadə edə bilməzlər”.
Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt hesab edir ki, Medvedevin qərarı münaqişələrin beynəlxalq hüquq əsasında həll olunmasına təhlükədir: “Bu qərar Avropa Şurasının prinsiplərinə, Rusiyanın təşkilat qarşısında götürdüyü öhdəliklərə və bu ölkə rəhbərlərinin Gürcüstanın ərazi bütövlüyü və suverenitetinə hörmət etdikləri bəyanatlara ziddir”.
AŞ PA prezidenti Luis Maria de Puç öz bəyanatında bildirib ki, Rusiyanın qonşu ölkələrin suverenitet və ərazi bütövlüyünə hörmət edəcəyi barədə öhdəliyi var. “Medvedevin verdiyi bəyanat bu vədi darmadağın edir. Bu qərar insanların xilas edilməsinə xidmət etməyəcək, yalnız vəziyyəti daha da gərginləşdirəcək və münaqişənin dinc yolla həllinə əlavə maneələr yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR