Bank Of Baku

Mixail Saakaşvili ölkənin ərazi bütövlüyünün bərpası üçün Cozef Baydendən kömək istəyib

Mixail Saakaşvili ölkənin ərazi bütövlüyünün bərpası üçün Cozef Baydendən kömək istəyib
# 23 iyul 2009 08:54 (UTC +04:00)
Bakı – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəyə səfərə gələn ABŞ-ın vitse-prezidenti Cozef Baydeni qəbul edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, Tiflisdəki yeni iqamətgahında qonağa axşam yeməyi verən M. Saakaşvili ondan Gürcüstan demokratiyasının və ölkənin azad, müstəqil olmaq arzusunun dəstəklənməsini istəyib: “Gürcüstan heç vaxt demokratik dəyərlərdən vaz keçməyəcək. Bizə Qərbdəki dostlarımızın dəstəyi lazımdır”. O, 2008-ci ildə Gürcüstana vaxtilə Çexoslovakiya və digər Şərqi Avropa ölkələrinə yeridildiyi qədər rus qoşunu yeridildiyini, ölkə ərazisinin 20%-nin Rusiya tərəfindən işğal edildiyini və rus qoşunlarının Tiflisdən cəmi 25 mil aralıda olduğunu deyib: “Mən bunu sizi qorxutmaq üçün söyləmirəm. Əslində sizi qorxutmaq da mümkün deyil. Ötən il Rusiya tankları buranın bir neçə kilometrliyində dayanarkən siz bu şəhərdə idiniz. Biz işğala son qoyulması üçün də sizə güvənirik. Burada bir işğalçı qalana qədər gürcü xalqı sakitləşməyəcək. Biz əminik ki, işğalçılar ərazilərimizi tərk edəcək və Gürcüstan bayrağı bu iqamətgah üzərində daim dalğalanacaq. Gürcü xalqı tarix boyu çox problem və çətinlik görüb və bu vəziyyətdən də çıxmağı bacaracaq. Biz başlıca məqsədimiz olan ərazi bütövlüyümüzün bərpasına nail olmalıyıq. Dünya şərin leqallaşmasına imkan verməməlidir. Bu qüvvələr vaxtilə Kabildən və digər dünya şəhərlərindən çıxdıqları kimi, Gürcüstandan da çıxacaqlar”.

C. Bayden isə Gürcüstanı və gürcü xalqını dəstəklədiklərini, bu ölkəni strateji tərəfdaş saydıqlarını bəyan edib: “ABŞ sizinlə birlikdədir. Mən bu vədi prezident Obamanın xahişi ilə sizə çatdırıram. Mən əlimdən gələn köməyi edəcəyəm. Bu, Amerika xalqının köməyidir ki, Gürcüstan sülhə nail olsun”.

Gürcüstanın Şərqdən enerji ehtiyatlarının Qərbə tranzitində körpü olduğuna diqqət çəkən C. Bayden bildirib ki, Gürcüstan bütün bölgənin gələcəyi baxımından çox mühüm ölkədir.

Axşam yeməyinin sonunda M. Saakaşvili C. Baydeni Müqəddəs Georgi ordeni ilə təltif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR