Bakı - APA. Gürcüstan hökuməti ötən ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi ilə bağlı hesabat dərc edib.
APA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, avqustun 6-da Tiflisdəki “Courtyard Marriott” hotelində “Rusiyanın Gürcüstana qarşı həyata keçirilmiş tammiqyaslı təcavüzü ilə bağlı Hesabat”ın təqdimat mərasimi keçirilib.
Gürcü və ingilis dillərində kitab şəklində dərc olunmuş hesabata üzərindən “məxfi” qrifi götürülmüş sənədlər daxil edilib. Kitab 9 fəsilə ayrılıb və müharibəyə aid audio-video materialları əks etdirən kompakt-disklə birgə buraxılıb. Diskdə Rusiya hərbçilərinin gizli radiodanışıqları da əksini tapıb. Bir neçə nazirlik tərəfindən hazırlanan hesabatın informasiya təminatı işinə reinteqrasiya məsələləri üzrə nazir Temur Yakobaşvili rəhbərlik edib.
Kitabın təqdimat mərasimində Gürcüstanın hökumət və parlament üzvləri, əcnəbi diplomatlar və ictimai xadimlər iştirak ediblər. Tədbirdə çıxış edən Qafqaz Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Mamuka Areşidze kitabın rus dilində də çap olunmasının vacibliyini bildirib.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze qeyd edib ki, dərc olunan məxfi sənədlər Gürcüstanın müharibədən yayınmaq istədiyini göstərir: “Amma Rusiyanın müdaxiləsi başladığından, rəsmi Tiflis öz planlarını həyata keçirə bilmədi”.