Bank Of Baku

Gürcüstanda həbs olunanlar İqtisadi İnkişaf Nazirliyinin yüksək rütbəli əməkdaşlarıdır

Gürcüstanda həbs olunanlar İqtisadi İnkişaf Nazirliyinin yüksək rütbəli əməkdaşlarıdır
# 25 dekabr 2009 15:28 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin Konstitusiya təhlükəsizliyi departamentinin əməkdaşları tərəfindən “KazTransQaz”da keçirilən xüsusi əməliyyat zamanı 18 nəfər, o cümlədən bir qadın həbs olunub.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, sonradan daha iki nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanları hesab edir ki, onlardan biri – İqtisadi İnkişaf Nazirliyinin təbii qaz və magistral qaz kəmərləri sisteminə Dövlət Nəzarət Müfəttişliyinin rəisi Aleksandr Bejanişvili korrupsiya dəstəsinə şəxsən rəhbərlik edib.

Müfəttişliyin səlahiyyətlərinə obyektlərdə qazlaşdırma aparılmasına lisenziya verilməsi, həyata keçirilən işlərə nəzarət və qanunsuz qaz kəmərlərinin aşkara çıxarılması olub. Həbs olunanlardan 7 nəfəri bu idarənin əməkdaşı olub. Digər 13 nəfər isə məmurlarla korrupsiya sövdələşməsinə gedən sahibkarlardır.

Məsələyə münasibət bildirən iqtisadi inkişaf naziri Zurab Pololikaşvili sözügedən strukturdakı nöqsanlardan xəbərdar olduğunu bildirib: “Bu gün baş verənlər həmin şəxslər üçün məntiqi sonluqdur”.

Saxlanılan şəxslərə qarşı maliyyə maxinasiyaları və rüşvətxorluqla bağlı ittihamlar irəli sürülüb. Gürcüstan DİN-in mətbuat mərkəzi isə gizli kamera ilə çəkilmiş videomaterial yayıb. Burada korrupsiyaya bulaşmış məmurların sahibkarlarla söhbəti və onlardan rüşvət aldığı anlar əks olunub. Günahları sübuta yetirilərsə, həbs olunanları 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, 2006-cı ildə müflis olmuş “Tbilqaz” hökumət tərəfindən hərraca çıxarılıb. 12,5 mln. dollar ödəyən Qazaxıstan şirkəti Tbilisi qazpaylayıcı şəbəkəsini alıb. Şirkətin sərəncamında 2000 km qaz kəməri, 230 min müştəri, 4700 kommunal abonent və 600 iri sənaye müəssisəsi var. Proqrama əsasən, “KazTransQaz” 4 il ərzində 82 mln. dollar sərmayə qoymalı və 2011-ci ilə qədər Tiflisin qazpaylayıcı şəbəkəsini bərpa etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR