Bank Of Baku

Alla Dudayeva Gürcüstanda açılan rusdilli telekanalda müəllif proqramı ilə çıxış edəcək

Alla Dudayeva Gürcüstanda açılan rusdilli telekanalda müəllif proqramı ilə çıxış edəcək
# 05 yanvar 2010 08:44 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni kanalı yanvarın 1-dən istifadəyə verilib.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, “Birinci Qafqaz” adlı telekanal hələlik internetdə www.1k-tv.com ünvanında fəaliyyət göstərir.

Yayıma bu gün saat 19:00-da başlanması nəzərdə tutulur. Yeni il gecəsi test yayımı həyata keçirilən kanalın məqsədyönlü auditoriyası keçmiş postsovet məkanı olacaq. Bu, həm də Rusiya telekanallarına qarşı əks-təbliğat kanalı olacaq. Xəbərlər gündə 4 dəfə - saat 12:00, 15:00, 19:00 və 22:00-da efirə çıxacaq.

Yeni telekanalda Rusiyanın məşhur müxalif jurnalistlərindən biri, Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov və Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin xanımı Alla Dudayeva da çalışacaq. Onlara artıq Gürcüstan vətəndaşlığı verilib.

Alla Dudayeva efirdə mədəniyyət mövzularına həsr olunmuş “Qafqaz portreti” müəllif proqramı ilə çıxış edəcək. onun sözlərinə görə, sülh xarakterli proqramın məqsədi müharibə və siyasətlə parçalanmış xalqların birləşdirilməsi olacaq.

Gürcüstan prezidenti Mixail Saakaşvili “Birinci Qafqaz”a ilk müsahibəsində rusdilli telekanalın efirə çıxmasını gürcü auditoriyası üçün vacib addım adlandırıb: “Çünki biz rus dilini itirə bilmərik. XXI əsrdə informasiya sərhəd tanımır. Onu dayandırmaq, həqiqəti boğmaq olmaz”.

Qeyd edək ki, “Birinci Qafqaz” telekanalının efirinin 70%-i Gürcüstana, qalan hissəsi isə dünya, Rusiya və Şimali Qafqaz xəbərlərinə həsr olunacaq. Teleşirkətin büdcəsi 3 mln. ABŞ dolları təşkil edir. Bu pulun əsas hissəsi sputnik yayımının təmin olunmasına sərf olunacaq. Yaxın vaxtlarda yayımın həm də kabel kanalları vasitəsilə təşkili və “Bizim Qafqaz” adlı rusdilli radionun fəaliyyətə başlaması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR